İDMAN


Formula-1 yarışı zamanı ictimai nəqliyyat vasitələri Bakı şəhər halqası yaxınlığında hərəkət edə biləcəklər

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 23-25-də Bakının mərkəzi küçələrində baş tutacaq Formula-1 Azərbaycan Qran-Prisi ərəfəsində tamaşaçıların trekə, Dənizkənarı Milli Parkda yerləşəcək F-1 Şəhərciyinə və bilet aldıqları tribunalara rahatlıqla yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələrinin adları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən, trekin yaxınlığından keçən avtobuslar və metronun müəyyən stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək gün ərzində 20 saat xidmət göstərəcək. Yarış həftəsi ərzində 65, 5 və 53 nömrəli avtobuslar müvafiq olaraq 5, 3 və 6 dəqiqəlik intervalla hərəkət edəcək.

Trekə gəlmək üçün 65 nömrəli avtobusun xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldığı tribunayadək piyada hərəkət etməlidirlər. Yarış ərəfəsində 65 nömrəli avtobus bu dayanacaqlardan keçəcək: Ə.Cavad küçəsi–Azərbaycan prospekti–Füzuli Meydanı–Z.Əhmədbəyov küçəsi–Tbilisi prospekti–20 Yanvar küçəsi–H.Məhərrəmov küçəsi–Mir Cəlal küçəsi. Bu avtobus 5 dəqiqəlik intervalla hərəkət edəcək.

Trekə 5 nömrəli avtobusla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Yarış ərəfəsində 5 nömrəli avtobusun keçəcəyi dayanacaqlar aşağıdakılardır: metronun “Nəriman Nərimanov”–“28 May” stansiyaları (Salatın Əsgərova küçəsi)–“28 May” stansiyası (Cəfər Cabbarlı küçəsi)–28 May küçəsi (Səməd Vurğun bağı)–Nizami küçəsi-R.Behbudov küçəsi (Rəşid Behbudov adına Mahnı Teatrının yanı). Bu avtobus 3 dəqiqəlik intervalla hərəkət edəcək.

Trekə 53 nömrəli avtobus vasitəsilə gəlmək istəyən bilet sahibləri Bakı İdman Sarayının qarşısında yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər. Yarış ərəfəsində 53 nömrəli avtobus aşağıdakı dayanacaqlardan keçəcək: Bayıl (20-ci sahə)–Bakı Su İdmanı Sarayı–Dövlət Bayraq Meydanı–Bakı İdman Sarayı (Funikulyorun yanı). Bu avtobus 6 dəqiqəli intervalla hərəkət edəcək.

Yarışın keçiriləcəyi məkana metro vasitəsilə gəlmək istəyən bilet sahibləri metronun 28 May, Sahil və İçəri Şəhər metro stansiyalarında düşərək trekə yaxınlaşa bilərlər.

Yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər günboyu açıq olacaq, həmçinin piyadalar trekin müəyyən yerlərində yeni qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, həmçinin Xaqani ilə Rəşid Behbudov və Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşəcək.

Qeyd edək ki, iyunun 22-də saat 14:00-dan etibarən yalnız bilet sahiblərinin Dənizkənarı Milli Parka çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində sadəcə “Park Bulvar” alış-veriş mərkəzindən istifadə edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.