İQTİSADİYYAT
Formula-1 yarışları ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Bakı, 23 iyun, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə Formula 1 Azərbaycan-Qran Prisi ilə əlaqədar olaraq bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda 2-ci dəfə keçirilən məşhur Formula -1 yarışlarını izləmək üçün Bakıya gələn çoxsaylı əcnəbi qonaqların və şəhərimizin sakinlərinin valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 24 bankın 60 filial və şöbəsi iyunun 23-25-də gücləndirilmiş iş rejimində xidmət göstərəcək.
Bundan əlavə, yarışlar dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 2 filial və 6 şöbəsi 24 saat fəaliyyət göstərəcək.