MƏDƏNİYYƏT
Fotoqrafiyada yaradıcılıq və kommersiya istiqamətində balans qorunmalıdır
Bakı, 18 avqust, AZƏRTAC
Avqustun 18-də “Sputnik Azərbaycan” portalının Multimedia mətbuat mərkəzində Azərbaycancanda fotoqrafiya sənətinin vəziyyəti ilə bağlı mətbuat konfransı keçirilib.
Konfrans 19 avqust - Ümumdünya Fotoqrafiya Gününə həsr olunub. Bu əlamətdar gün 2009-cu ildə Avstraliya fotoqrafı Korske Aranın təşəbbüsü ilə təsis edilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu ölkəmizdə fotoqrafiya sənətinin tarixi barədə məlumat verib. Bildirib ki, 1861-ci ildə A.F.Ulskinin çəkdiyi Bakının dənizdən görüntüləri Azərbaycan fotosunun dövrümüzə gəlib çatan ilk nümunələridir. Daha sonralar isə Aleksandr Mişonun bu sahədə böyük xidmətləri olub. XIX əsrin sonunda Bakıda onun başçılıq etdiyi fotoqraflar dərnəyi fəaliyyət göstərib.
Qeyd olunub ki, müxtəlif dövrlərdə fotoqrafiyada fərqli mövzular ön plana çəkilib. Təbliğat xarakteri daşıyan bu fotolar əks etdirdiyi dövrün tələbinə uyğun çəkilib.
M.Həsənoğlu vurğulayıb ki, həmin dərnəyin fəaliyyətə başlamasından 100 il sonra – 1998-ci ildə Azərbaycan Fotoqraflar Birliyi yaradılıb. Birlik fotoqrafiyanın inkişafına təkan vermək məqsədilə təsis edilib.
Fotoqraf, AFB-nin üzvü Rüfət Abas yeni texnologiyaların fotoqrafiya sənətində tətbiqinə diqqət çəkərək bunun mənfi və müsbət cəhətlərini qeyd edib. Müasir texnologiyaların fotoların çəkilib hazırlanmasını asanlaşdırdığını və fotoqrafiya sənətinin inkişafına müsbət təsir etdiyini deyib. Bunun nəticəsində də bu sahəyə marağın artdığını söyləyib. Lakin kəmiyyət və keyfiyyət tarazlığının qorunmadığını vurğulayıb.
Fotoqrafiya sənətinin yaradıcı proses olduğunu qeyd edən R.Abas bildirib ki, bu sahədə yaradıcılıq və kommersiya istiqamətində balans qorunmalıdır.
Konfransda mütəmadi olaraq fotosərgilərin keçirildiyi, treninq və ustad dərslərinin təşkil edildiyi, fotoqrafların yerli və beynəlxalq müsabiqələrdə iştirak etdiyi diqqətə çatdırılıb.
Həmçinin bu sahədə mövcud olan problemlərə də toxunulub.
Ölkəmizdə fotoqrafiya məktəbinin, fotoqrafiya sənətinin tənqidçisi, sənətşünası və tarixçisinin olmadığını nəzərə çatdırılıb. Fotoqrafların beynəlxalq qrant layihələrinə az maraq göstərdikləri bildirilib.