İDMAN
Fövqəladə Hallar Nazirliyi Qəbələdə beynəlxalq yarış və ümumrespublika birinciliyi keçirir VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
İyulun 1-də Qəbələdə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illiyinə həsr edilmiş “Gənc xilasedici” III beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” IV ümumrespublika birinciliyinə start verilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Bakıda Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.
Sonra Şəhidlər xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən oğul və qızlarımızın məzarları ziyarət edilib.
Yarışların açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirakçılara uğurlar arzulayıb, belə yarışların keçirilməsinin gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə qazanmalarında geniş imkanlar açacağına əminliklərini ifadə ediblər.
İyulun 7-dək davam edəcək beynəlxalq yarışda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Moldova, Polşa, Gürcüstan və Belarusdan olan təmsilçilər iştirak edirlər. Ümumrespublika birinciliyində isə 19 şəhər və rayonun komandaları mübarizə aparır.