CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi ilə Serbiyanın müvafiq qurumları arasında əməkdaşlıq üçün geniş imkanlar var VİDEO
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Serbiya Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Kəmaləddin Heydərov qonaqlara respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verib. Nazir fövqəladə halların idarə edilməsi sahəsində Azərbaycan ilə Serbiyanın müvafiq qurumları arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu və bu potensialdan faydalanmağın əhəmiyyətini diqqətə çatdırıb.
Neboyşa Stefanoviç fövqəladə hallarla mübarizə sahəsində Serbiyanın aidiyyəti qurumlarının Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, ikitərəfli əlaqələrin geniş potensialının mövcud əməkdaşlığın daha da genişləndirilməsinə şərait yaradacağına əminliyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.