CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi poliuretan materialla üzlənmiş binaların mühafizəsini gücləndirib
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) respublikanın şəhər və rayonlarında poliuretan materialla üzlənmiş binaların mühafizəsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Bakı Regional Mərkəzinin ümumilikdə 460 əməkdaşı hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şabran, Xaçmaz, Qusar, Şəmkir, Qazax, Ağcabədi, Beyləqan, Bərdə, Yevlax, Göyçay, Goranboy, Neftçala, Şirvan, Lənkəran və Astara şəhərlərində poliuretan materialla üzlənmiş cəmi 250-dən artıq binanın ətrafında təhlükəsizliyin təmin edilməsi məqsədilə növbə çəkir. Bundan əlavə, ölkə üzrə ümumilikdə 43 yanğınsöndürmə avtomobili heyəti ilə həmin binaların mühafizəsinə cəlb olunmaqla fasiləsiz xidmət aparır.
Nazirliyin potensialı imkan verir ki, zərurət yarandıqda bu məqsədlə ayrılan şəxsi heyət və texnikanın sayı artırılsın.