CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin “112” Çevik Reaksiya İdarəsinin inzibati hissəsinin açılışı olub VİDEO
Bakı, 10 may, Məhərrəm Əlioğlu, AZƏRTAC
Mayın 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” Çevik Reaksiya İdarəsinin inzibati bölməsinin əsaslı təmirdən sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iştirak edib.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi, polkovnik Adil Abdullayev məlumat verərək bildirib ki, “112” Çevik Reaksiya İdarəsinin inzibati hissəsinin binası əsaslı təmirdən sonra ən son texnoloji nailiyyətlərdən istifadə olunmaqla yeni proqramla təmin edilib. Daxil olan zənglərin daha operativ qəbul edilməsi, eyni zamanda, FHN-in qüvvə və vasitələrinin daha səmərəli istifadəsi üçün müasir avadanlıq quraşdırılıb. Bundan əlavə, “Android” platforması üzərindən mobil telefonlar vasitəsilə əhalidən müraciətlərin qəbulu və onlara baxılması üçün yeni proqram tətbiq edilib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov inzibati hissədə tətbiq olunmuş yeniliklərlə yaxından tanış olub, tövsiyələrini verib. O, “112” Çevik Reaksiya İdarəsinin şəxsi heyətini əsaslı təmir olunmuş inzibati hissənin açılışı münasibətilə təbrik edib, əməkdaşlara işlərində uğurlar arzulayıb.
Sonra Fövqəladə Hallar Nazirliyinin rəsmi veb-saytının yeni versiyasının təqdimatı olub.