CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 15 iyun - Milli Qurtuluş Günü qeyd edilib VİDEO
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 11-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin Akademiyanın həyətindəki abidəsi önünə gül dəstələri qoyulub.
Dövlət himninin səsləndirilməsindən sonra çıxış edən Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov vurğulayıb ki, Azərbaycan xalqı dərin ictimai-siyasi və iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, görkəmli siyasi xadim Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən siyasəti sayəsində xilas olub. Buna görə də Ulu Öndərin siyasi hakimiyyətə qayıtdığı tarix hər il Milli Qurtuluş Günü kimi qeyd edilir.
Milli Məclisinin deputatı, aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov 1990-cı illərin əvvəllərinə qısa nəzər salaraq bildirib ki, həmin illərdə dövlət müstəqilliyimizin qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Dahi rəhbərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün dövlət təsisatları bərpa olunub və inkişaf etdirilib. Ümummilli Lider tərəfindən əsası qoyulmuş və dövlətimizin başçısı İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində ölkəmiz dünya birliyinin nüfuzlu üzvlərindən birinə çevrilib. Azərbaycanın ev sahibliyi edəcəyi “Bakı-2015” birinci Avropa Oyunları məhz bu nüfuz və etibarın göstəricisidir.