CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Bilik günü” münasibətilə tədbir keçirilib

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Bilik günü münasibətilə tədbir keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.

Sonra Şəhidlər xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən oğul və qızlarımızın məzarları üzərinə gül-çiçək dəstələri düzülüb.

Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov tədbiri açaraq iştirakçıları Bilik günü münasibətilə təbrik edib.

Sonra Azərbaycan Respublikasının himni səslənib, dövlət bayrağı meydana gətirilib.

İlkin hərbi hazırlığı başa vurmuş kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içiblər.

Andiçmə mərasimi başa çatdıqdan sonra fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Akademiyanın 2016-cı il məzunlarına “leytenant” hərbi və xüsusi rütbələrinin verildiyi diqqətə çatdırılıb və məzunlara ali təhsil ocağını bitirmələri barədə diplomlar təqdim edilib.

Akademiyanı əla qiymətlərlə bitirmiş məzun Nicat İsmayılov xatirə lövhəsini rəmzi “Yaş kötüyü”nə vurub.

Mərasimdə iştirak edən fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağızadə və general-leytenant Etibar Mirzəyev kursant və məzunları, onların ailələrini FHN rəhbərliyi adından təbrik ediblər. Qeyd olunub ki, hərbi and içərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarına daxil olan kursantlar Prezident, Ali Baş Komandanı İlham Əliyevin əmrinə həmişə hazır olmalı, əcdadlarımızdan bizə əmanət qalmış Vətənimizi və bayrağımızı göz bəbəkləri kimi qorumalıdırlar. Çıxışlarda ulu öndər Heydər Əliyevin Azərbaycanda yüksək səviyyəli peşəkar hərbçi kadrların yetişdirilməsini daim diqqətdə saxladığı və bu müdrik siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi vurğulanıb. FHN-in gələcək əməkdaşları olacaq Akademiya kursantları və məzunlar dərk etməlidirlər ki, onlara insanların təhlükəsizliyini təmin etmək kimi müqəddəs və şərəfli bir missiya həvalə olunacaq və onlar bu böyük vəzifənin öhdəsindən layiqincə gəlməlidirlər. Kursantlar Akademiyada təhsil aldıqları müddətdə nəzəri və praktiki biliklərə mükəmməl yiyələnməli, daim savadlarını artırmalıdırlar.

Akademiyanın rəisi birinci kursda təhsil alan kursantları təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. O, Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb və bu sahənin ölkə rəhbəri tərəfindən daim diqqətdə saxlanıldığını vurğulayıb.

Valideynlər adından çıxış edən Kamil Süleymanlı kursantları təbrik edib, onlara uğurlar arzulayıb.

FHN Akademiyasına yüksək - 616 balla qəbul olunmuş Nihad Səfərli kursantlar adından çıxış edərək burada təhsil alacağından qürur hissi duyduğunu bildirib.

Mərasim kursant və məzunların təntənəli marşla keçidi ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.