CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Su və dayanıqlı inkişaf” mövzusunda konfrans keçirilib

Bakı, 4 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) və BMT İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə avqustun 4-də FHN Akademiyasında “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində “Su və dayanıqlı inkişaf” mövzusunda konfrans keçirilib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, konfransda FHN və BMT İP ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Azərsu”ASC, AMEA Coğrafiya, Geologiya və Geofizika, habelə Zoologiya institutlarının, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin məsul əməkdaşları iştirak ediblər.

Layihənin əsas məqsədi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə, Azərbaycanın dağ icmalarının su çatışmazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır. Layihə, həmçinin qanunvericilik və siyasət səviyyəsində idarəetmə bazasının təkmilləşdirilməsi, təşkilati potensialın gücləndirilməsi və icmaların su və daşqınlar üzrə idarəetmədə aktiv iştirak etmələri üçün təlimlərin keçirilməsini nəzərdə tutur.

Əvvəlcə, tədbir iştirakçıları Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.

Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov sözügedən konfransın böyük əhəmiyyətə malik olduğunu bildirərək su siyasətinə dair elmi müzakirələrin aparılmasının ölkəmizin həmin sahədəki problemlərinin həllinə önəmli töhfələr verəcəyinə əmin olduğunu bildirib. O, FHN Akademiyasında kursant və magistrlərə su hövzələrinin təhlükəsizliyinin təmin olunması ilə bağlı elmi biliklərin aşılandığını diqqətə çatdırıb.

BMT İP-in strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev qeyd edib ki, qarşıdan gələn illər ərzində üzləşəcəyimiz ən ciddi qlobal məsələlərdən biri iqlim dəyişiklikləri olacaqdır. Bu proseslər hamımıza bu və ya digər formada təsir edəcəkdir. Artıq təhlükəli zonalarda yaşayan insanlar daşqın və quraqlıq halları ilə daha tez-tez və daha geniş maqnitudada üzləşirlər. Qrunt və səth suları, yüksəklik və düzənlik zonalarındakı su istifadəçiləri arasındakı sıx əlaqəni, eləcə də müxtəlif su istifadəçiləri arasındakı qarşılıqlı əməkdaşlığı nəzərdə tutan əlaqələndirilmiş bir yanaşma suyun müasir səviyyədə idarə edilməsi üçün əsas amildir. “Bu məqsədlə layihə çərçivəsində hüquqi yanaşma və qabaqcıl təcrübələrə əsasən su ehtiyatlarından vahid istifadənin icrasına tam dəstək verə bilən mərkəzi institusional struktur haqqında tövsiyələri özündə ehtiva edən sənədlər hazırlanıb” deyən M.Əfəndiyev prioritet məsələləri dəstəkləyən Dayanıqlı İnkişaf Məqsədləri və bu məqsədlərin icrasına Prezident İlham Əliyev tərəfindən verilən önəmdən danışıb.

Sonra FHN Su Ehtiyatları Dövlət Agentliyinin (SEDA) məsul əməkdaşı Elnar Sultanov təmsil etdiyi qurumun fəaliyyəti və perspektiv planları barədə ətraflı məlumat verib.

FHN-in məsul işçisi Fərid Abbasov sözügedən layihə çərçivəsində görülmüş işlər və əldə edilən nəticələr haqqında hesabatla çıxış edib.

Tədbirdə “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsinə dair videoçarx nümayiş olunub.

Videoçarxın nümayişindən sonra “AzərSu” ASC “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun əməkdaşı Rəşail İsmayılov “Azərbaycanda su ehtiyatlarının davamlı idarə olunmasının iqtisadiyyatın yeni inkişaf mərhələsində rolu” mövzusunda məruzə ilə, FHN Su Ehtiyatları Dövlət Agentliyinin əməkdaşı Elnar Sultanov isə “Mingəçevir su anbarında gursululuq dövrünə (aprel-iyul) hazırlıq üçün hədəf su səviyyəsinin müəyyənləşdirilməsi” mövzusunda təqdimatla çıxış ediblər.

Konfransın panel müzakirələr və təqdimatlar bölümündə layihə üzrə ekspert Rövşən Abbasov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məsul işçisi Asif Verdiyev, FHN SEDA-nın əməkdaşları Samir Abbasov və Yusif Əhədi, FHN Akademiyasının magistrantı Ramazan Ramazanov müxtəlif məruzələr və təqdimatlarla çıxış ediblər.

Konfransın sonunda məruzə olunan mövzular ətrafında müzakirələr aparılıb və qərara alınıb ki, həm dinlənilən məruzələr, həm də konfransa göndərilən elmi materiallar toplu halında nəşr olunsun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.