CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dənizdə köməksiz vəziyyətdə qalmış iki balıqçını xilas ediblər
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Salyan rayonu ərazisindən motorlu qayıqla balıq tutmaq məqsədilə dənizə çıxmış iki balıqçı sahildən təxminən 27 kilometr məsafədə Xəzər dənizində Səngi-Muğan adası yaxınlığında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dalğıc-xilasedicilər nazirliyin aviasiya dəstəsinin helikopteri ilə dərhal həmin əraziyə cəlb olunub. Köməksiz vəziyyətdə qalmış balıqçılar xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Nazirlik bir daha əhalinin nəzərinə çatdırır ki, kiçik həcmli gəmilər və motorlu qayıqlar yalnız günün işıqlı vaxtı dənizə çıxa bilərlər. Küləyin sürəti saatda 5-7 metr, dalğaların hündürlüyü 0,5-0,75 metrdən artıq olduqda və görmə məsafəsi məhdud olan dumanlı hava şəraitində kiçik həcmli gəmilərin istismarı qadağandır. Kiçik həcmli gəmilərin Xəzər dənizində üzmə məsafəsi sahildən 2 dəniz mili və ya 3700 metrdir.
Dövlət qeydiyyatından və texniki baxışdan keçməyən, bort nömrəsi olmayan, yük və sərnişin götürmə normalarını pozan gəmilərin istismarı qadağandır.
Dənizə çıxarkən kiçik həcmli gəmilər və motorlu qayıqlar xilasedici dairə, maqnit kompası və ya GPS naviqasiya vasitələri, xilasedici canlıq (heyət sayına görə), lövbər, yanalma kəndirləri, bir cüt avar, gecə siqnalı üçün əl fənəri, vedrə və yaxud quruducu əl nasosu, ilkin tibbi yardım çantası və yanğınsöndürən balonla təchiz olunmalıdır.
Fövqəladə Hallar Nazirliyi əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.