CƏMİYYƏT
Fövqəladə Hallar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə təlim keçirilib
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Fövqəladə Hallar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə iyunun 9-da Qaradağ rayonundakı 139 nömrəli orta məktəbdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə yanğın təhlükəsizliyi qaydalarının aşılanması olub.
Təlimdə simulyasiya edilmiş yanğın zamanı həyəcan siqnalı verildikdən sonra FHN-in yanğınsöndürən və təcili tibbi yardım dəstələri hadisə yerinə təlimatda nəzərdə tutulmuş müddətdə çatıblar. Şərti yanğın baş vermiş məktəbdə insanların təxliyə planına uyğun olaraq, təhlükəsiz yerə köçürülməsi həyata keçirilib, sinif otaqlarında qalmış məktəblilər xilas edilib, şərti xəsarət almış məktəblilərə ilkin tibbi yardım göstərilib. FHN-in canlı qüvvələrinin həyata keçirdiyi təlimə nazirliyin müvafiq texnika və avadanlığı cəlb edilib.
Təlimdən sonra FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları məktəblilərə odsöndürən balondan istifadə qaydalarını əyani olaraq izah ediblər.