REGİONLAR
Fövqəladə hallar naziri Biləsuvarda vətəndaşları qəbul edib
Biləsuvar, 26 dekabr, Mahir Babayev, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 26-da Biləsuvarda Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl nazir Kəmaləddin Heydərov və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Nazirliyin müvafiq icra strukturu rəhbərlərinin iştirak etdiyi qəbulda Şirvan şəhər, Biləsuvar, Salyan və Neftçala rayon sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 18 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bəzi məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 53, digər məsələlərlə əlaqədar müraciət etmiş 94 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.