REGİONLAR
Fövqəladə hallar naziri Cəlilabadda vətəndaşları qəbul edib
Cəlilabad, 20 iyun, AZƏRTAC
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyunun 20-də Cəlilabad şəhərində Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
AZƏRTAC xəbər verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 101, digər məsələlərlə bağlı müraciət etmiş 109 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.