REGİONLAR
Fövqəladə hallar naziri Naftalanda vətəndaşları qəbul edib VİDEO
Naftalan, 29 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanvarın 29-da Naftalan şəhərində bölgə vətəndaşlarını qəbul edib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən, nazirliyin müvafiq icra strukturu rəhbərlərinin də qatıldıqları qəbulda Naftalan və Mingəçevir şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərinin, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətinə baxılıb.
Hər bir müraciət diqqətlə dinlənilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb.
Qəbula gələn rayonların sakinləri nazirlə birbaşa görüş üçün yaradılmış şəraitdən razılıqlarını bildirib və bölgələrdə bu cür qəbulların təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.