REGİONLAR
Fövqəladə hallar naziri Tovuzda vətəndaşları qəbul edib VİDEO
Tovuz, 28 yanvar, Famil Quliyev, AZƏRTAC
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanvarın 28-də Tovuz Olimpiya İdman Kompleksində vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl nazir Kəmaləddin Heydərov və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Nazirliyin müvafiq icra strukturu rəhbərlərinin iştirak etdiyi qəbulda Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarının sakinlərinin müraciətlərinə baxılıb.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 18 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 236, digər məsələlərlə bağlı müraciət etmiş 95 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.