REGİONLAR
Fövqəladə hallar zamanı insanların təhlükəsizliyinin təmin olunması diqqət mərkəzindədir
Bakı, 23 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi nazirliyin digər qurumlarının iştirakı ilə Hacıqabul Rayon İcra Hakimiyyətinin akt zalında “İnsanların təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, müşavirədə rayon icra hakimiyyətinin rəhbər işçiləri, Hacıqabul rayon fövqəladə hallar komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri, Muğan Regional Mərkəzinin, Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Hacıqabul Rayon Dövlət Yanğından Mühafizə hissəsinin, Muğan Regional Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-mədən nəzarəti müfəttişliyinin əməkdaşları iştirak edib.
Tədbirdə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Qasımov gündəlikdə duran məsələnin aktuallığını vurğulayıb, keçirilən tədbirin əhəmiyyətindən danışıb.
Çıxış edən digər natiqlər Fövqəladə Hallar Nazirliyinin yaranması, fəaliyyət istiqamətləri, respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü uğurlu işlər, Muğan Regional Mərkəzinin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib, icra strukturları ilə Mərkəz arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd edərək, həyata keçirilən tədbirlər zamanı meydana çıxan problemlərin həllinə nail olmaq üçün bu cür görüşlərdə müzakirələrin vacibliyini vurğulayıblar.
Tədbirdə “Yanğın təhlükəsizliyinin problemləri və onların həlli yolları” barədə məruzə edilib, Muğan Regional Mərkəzi monitorinq qruplarının Hacıqabul rayonu ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən slaydlar nümayiş olunub.
Həmçinin Hacıqabul rayon ərazisində yüksəktəzyiqli qaz və yüksəkgərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında, ictimai yaşayış binalarının ətrafında inşa edilmiş müxtəlif təyinatlı tikililərlə bağlı mövcud problemlərə toxunulub və icraedici orqanlara tövsiyələr verilib.