SİYASƏT
Franko Frattini: “İslam terrorizmi” ifadəsini işlətmək yanlışdır
Bakı, 16 mart, AZƏRTAC
Bəşəriyyət hazırda yalnız terrorizmə reaksiya verməklə kifayətlənir, hətta “terrorizm nədir” sualına tam cavab tapa bilmir. Halbuki mütləq qabaqlayıcı tədbirlər görülməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini V Qlobal Bakı Forumu çərçivəsində terrorizmlə mübarizəyə həsr olunmuş panel iclasında deyib.
Sabiq nazir qeyd edib ki, İslam dininin terrorizmlə heç bir əlaqəsi yoxdur. “İŞİD sadəcə pul qazanmaq üçün dindən istifadə edir, narkotik, qanunsuz neft satışı, insan alveri ilə məşğul olur”, - deyən F.Frattini “İslam terrorizmi” deməyin yanlış olduğunu vurğulayıb. “Bu, sadəcə terrorizmdir. Tanrının adından sui-istifadə olunması yolverilməzdir. Tolerantlıq, qarşılıqlı əməkdaşlıq, etimad olmadan terrorla mübarizədə heç bir uğura nail olmaq mümkün deyil. Biz bərabər işləməliyik”, - deyə o vurğulayıb.