DÜNYA


Frans Kafkanın arxivi İsrail Milli Kitabxanasına verilib

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

Ali ədalət məhkəməsi yazıçı Frans Kafkanın dostu və irsinin araşdırmaçısı Maks Brodun arxivi barədə qərar qəbul edib.

Məhkəmənin qərarına əsasən arxivə daxil olan əlyazmalar və digər sənədlər Qüds şəhərində yerləşən Milli Kitabxanaya verilməlidir.

Qeyd edək ki, Kafkanın əlyazmalarının sahibi ilə İsrail Milli Kitabxanası və İsrail dövləti arasında məhkəmə çəkişməsi 2008-ci ildən bu yana davam edirdi.

Kafka ölümündən öncə Maks Broda əlyazmalarını məhv etməyi tapşırsa da, o, bunu etməmiş, əksinə onların bir hissəsini çap etdirərək yazıçının XX əsrin ən məşhur nasirlərdən birinə çevrilməsinə səbəb olmuşdur. Maks Brod isə həyatının sonuna yaxın bu əlyazmaları katibəsi olan Ester Hoffeyə, o isə qızları Yeva və Rufa vəsiyyət etmişdi. Məhkəmə araşdırması zamanı məlum olub ki, Brod Hoffe bacılarının iddia etdiyi kimi əlyazmaları anasına hədiyyə etməmişdi. O, Kafkanın arxivlərinin kataloq halına salınıb Qüdsdəki Yəhudi Universitetinə və ya Təl-Əvivin şəhər kitabxanasına, yaxud da İsrailin hər hansı digər ictimai təşkilatına təqdim edilməsini istəmişdi.

Brodun vəsiyyətinin əksinə hərəkət edən Hoffe ailəsi kolleksiyanın bir hissəsini hərraclarda satıb. Artıq məlumdur ki, Kafkanın "Proses" əlyazmasının satışından Ester Hoffe 2 milyon dollar qazanıb.

Qeyd edək ki, Frans Kafka 1883-cü ildə Praqada almandilli yəhudi ailəsində doğulub. XX əsrin əsas almandilli yazıçılarından hesab olunur. Onun “Çevrilmə”, “Qəsr” və digər romanları bu gün də ən çox oxunan əsərlərdəndir. Əsərlərinin böyük əksəriyyəti ölümündən sonra çap olunub.

İsrail Milli Kitabxanası Kafkanın əlyazmalarından ibarət sərginin geniş kütlələr üçün açıq olacağını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.