ELM VƏ TƏHSİL
Fransa-Azərbaycan birinci iş və karyera sərgisi məzunlara geniş imkanlar açır
Bakı, 15 aprel, P.İmanova, AZƏRTAC
Aprelin 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız- Azərbaycan Universitetində (UFAZ) Fransa-Azərbaycan birinci iş və karyera sərgisinin açılışına həsr olunan mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgi Fransanın ölkəmizdəki səfirliyinin, Azərbaycandakı Fransız İnstitutunun, “Campus Fransa Azərbaycan”ın təşkilatçılığı və UFAZ-ın dəstəyi ilə keçirilib.
Mətbuat konfransında Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez bildirib ki, sərginin məqsədi Fransa universitetlərinin məzunları ilə işəgötürənlər arasında fərdi görüşlər keçirməklə fransız və Azərbaycan şirkətlərinə işəgötürmə vasitələri təklif etməkdir. Həmçinin Fransa universitetlərinin azərbaycanlı məzunlarını iş axtarışında və işlə təmin olunmasında dəstəkləmək, onların internet platforması olan “France Alumni” Azərbaycan layihəsini fransız və Azərbaycan şirkətlərinə təqdim etməkdir.
Birinci iş və karyera sərgisinin Bakıda keçirilən Frankofoniya həftəsi çərçivəsində təşkil edildiyini söyləyən səfir onun məzunların gələcək həyatında mühüm rol oynayacağına əminliyini bildirib.
O.Buşez 2016-2017-ci tədris ilində fəaliyyətə başlayan UFAZ-ın Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə yaradıldığını bildirib.
Səfir Fransa universitetlərinin məzunlarının əksəriyyətinin Azərbaycanın müxtəlif dövlət strukturlarında fəaliyyətlərini uğurla davam etdirdiklərini söyləyib.
Hər iki ölkə arasında təhsil sahəsində əlaqələrin genişləndiyini qeyd edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı Azərbaycan və Fransa hökumətlərinin dəstəyi ilə birgə ali təhsil müəssisəsinin - UFAZ-ın yaradılmasının əhəmiyyətini qeyd edib, hazırda bu layihənin icrasında Fransa tərəfinin fəaliyyətini yüksək dəyərləndirib.
Rektor Fransada təhsil almış azərbaycanlı məzunların əksəriyyətinin ölkəmizdə işlə təmin olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu cür sərgilərin təşkili ikitərəfli əməkdaşlığın inkişafına xidmət edir və bu sahədə münasibətlərin qurulmasına da böyük zəmin yaradır.
Fransa-Azərbaycan Ticarət Palatasının direktoru Nərminə Səfərova, TOTAL şirkətinin regional direktoru Döni Lömarşal və “Cointeg” şirkətinin yaradıcısı Ramin Məmmədov rəhbərlik etdikləri qurumların fəaliyyəti, təqaüd proqramları barədə məlumat verib, bu cür sərgilərin məzunların gələcək fəaliyyətlərində və karyeralarında əhəmiyytini qeyd ediblər. Bildirilib ki, Fransa-Azərbaycan birinci iş və karyera sərgisi məzunlara geniş imkanlar açır.
Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə Fransa universitetlərinin azərbaycanlı məzunlarının internet platforması olan “France Alumni” Azərbaycan layihəsi fransız və Azərbaycan şirkətlərinə təqdim edilib.