DÜNYA
Fransa hökumətinin yeni tərkibi formalaşdırılır
Paris, 11 fevral, AZƏRTAC
Prezident Fransua Olland tərəfindən Konstitusiya Şurası sədri vəzifəsinə təklif olunan Loran Fabyusun xarici işlər naziri vəzifəsini tərk etməsi hazırkı dövlətin 4-cü hökumətinin formalaşması zərurətini doğurub.
Hazırda xarici işlər naziri vəzifəsinə iki namizəd qalıb, keçmiş Baş nazir Jan-Mark Ayro və ekologiya naziri Seqolen Ruayal.
Qeyd edilir ki, 2017-ci il prezident seçkilərinə qədər ölkəni idarə edəcək yeni hökumətin tərkibi fevralın 11-də və ya 12-də açıqlanacaq.
Ehtimallara görə, Jan-Mişel Bele mənzil, ərazi bərabərliyi və kənd salma naziri Silviya Pineli əvəz etməlidir.
Nikola Ulo keçən həftə ekologiya naziri vəzifəsindən imtina etdiyi üçün bu vəzifəyə Avropa Ekologiya-Yaşıllar partiyasının (EELV) hazırkı və ya keçmiş rəhbərinin təyin olunması mümkündür.
Ekologiya naziri vəzifəsinə namizədlər arasında Emanuel Kos, EELV-nın milli katibi, artıq bu partiyanı tərk etmiş deputatlar Fransua dö Rugy, Barbara Pompili və ya senator Jan-Vinsent Plasenin adları da çəkilir.
Euler Hermes sığorta qrupunun tədqiqat və marketinq strategiyası üzrə direktoru Karin Bergenin və BNP-Parisbas bank təkliflərinin bazar riskləri mütəxəssisi Valeri Rabolun yeni hökumətdə təmsil olunmalarının mümkünlüyü səsləndirilir.
Hökumət dəyişikliyinin bəzi nazirliklərin yenidən strukturlaşması ilə müşayiət olunacağı gözlənilir.
Müdafiə naziri Jan-İv Lö Dryanın və kənd təsərrüfatı naziri vəzifəsini tutmaqdan yorulduğunu bildirməsinə baxmayaraq Stefan Lö Folun fəaliyyətlərini elə bu istiqamətlərdə davam etdirəcəkləri bildirilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris