MƏDƏNİYYƏT
“Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgiyə yekun vurulub
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində Fransanın “Total” neft-qaz şirkətinin təşkilatçılığı ilə təşkil olunan “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, respublikanın tanınmış elm, mədəniyyət, incəsənət və dövlət xadimlərinin qatıldığı sərginin kuratoru Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir.
Tədbirdə muzeyin direktor Ç. Fərzəliyev çıxış edərək Fransa mədəniyyətinin bütün mədəniyyətlər üçün nümunə olduğunu deyib. “Sərginin populyarlıq qazanacağını əmin idik, ancaq bu dərəcədə sənətsevərlər tərəfindən rəğbətlə qarşılanacağını təsəvvür etmirdik. Muzeyimizdə sərgilər adətən bir ay davam edir, sözügedən sərgisinin yeddi aydan artıq nümayişində sərgiyə olan maraq günü-gündən artıb. Muzeyin kolleksiyasında qorunub saxlanılan müxtəlif xalqların mədəniyyətinə həsr olunmuş sərgilər davamlı olaraq keçiriləcək. Yapon mütəxəssisləri tərəfindən artirubutsiya olunmuş Yaponiya mədəniyyətinin nəfis nümunələrindən ibarət növbəti sərginin keçirilməsinin nəzərdə tutulur”, - deyə Ç. Fərzəliyev vurğulayıb.
Tədbirdə çıxış edən Fransanın ölkəmizdəki səfiri xanım Aurelia Buşez sərginin iki dövlət arasındakı dostluq münasibətləri, mədəniyyətlərarası əlaqələrin göstəricisi olduğunu qeyd edib: “Səfir olaraq bu sənət məbədində xalqımın mədəniyyətinin nümayişindən böyük şərəf hissi duyuram. Eyni zamanda, sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığımızı bildiririk”.
Tədbir konsert proqramı ilə davam edib.
Qeyd edək ki, hazırda muzeyin Fransa incəsənəti kolleksiyası 300-dən artıq sənət əsərindən ibarətdir. Vernisajda kolleksiyanın bir qismi nümayiş olunub. Sərginin xronoloji çərçivəsi XVI əsrdən XX əsrin əvvəllərinə qədərki dövrü əhatə edir. Görkəmli rəssamlar Jül Düpre, Konstan Jan Benjamin, Danyan Paskal Buvre, Qaspar Düqenin tabloları, Jan Dallen, Pyer Dreve, Jak Kallo, Şarl Klemon, Nikolya Larjomi, Robert Qaymer kimi tanınmış ustaların qravürləri, məşhur heykəltəraşlar Klod Mişel Klodion, Jan Antuan Qudon, Etyen Moris Falkone, Mari Rozali Bonerin mərmər və tuncdan yaratdığı heykəl və kompozisiyaları yüksək bədii məzmunu, ifadəliyi, mükəmməl kompozisiya həlli ilə diqqəti cəlb edir.
Sərgidə, həmçinin XVIII əsrdən çini istehsalında bədii ifadə dərəcəsi və üslub mükəmməlliyi ilə xarakterizə olunan Fransanın Sevr manufakturası, Duqoti, Nast, Solxer, Föyye və digər zavodlarının nadir və qiymətli nümunələri təqdim olunub.
Mebel, xüsusən də məşhur “Bul” markasına məxsus nümunələr, saatlar, müxtəlif metal məmulatlar, tikmə və qobelen kolleksiyası, həmçinin qadın geyiminin ayrılmaz hissəsi və həqiqi sənət əsəri sayılan yelpiklər toplusu kifayət qədər maraq doğurub.