REGİONLAR
Fransa nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib VİDEO
Quba, 13 fevral, AZƏRTAC, Elxan Yusifli
Fevralın 13-də Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Fransanın Alzas regionunun nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
Jan-Mari Bokeli jurnalistlə müsahibəsində gördüklərindən çox təsirləndiyini qeyd edib. “Həqiqətən dəhşətli mənzərədir. Bu bir daha sübut edir ki, tarixi faktları gizli saxlamaq mümkün deyil. Həqiqət gec-tez üzə çıxır. Burada gördüklərimiz sülhün nə qədər vacib olduğunu bir daha sübut edir”.
Ardınca ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksində olublar. Onlara məlumat verilib ki, kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Burada XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar yer alıb. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı faktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Qonaqlar Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.
Fransa nümayəndə heyəti Quba Rayon İcra Hakimiyyətində, eləcə də dağ yəhudilərinin yığcam halda yaşadıqları Qırmızı Qəsəbədə də olublar.