ELM VƏ TƏHSİL


Fransa nümayəndə heyəti UFAZ-ın tələbələri ilə görüşüb VİDEO

A+ A

Bakı, 11 yanvar, Xatirə Cəfərova, AZƏRTAC

Yanvarın 11-də Fransa Respublikasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinin (UFAZ) tələbələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Strasburq Universitetinin prezidenti Mişel Deneken və ADNSU-nun rektoru Mustafa Babanlının iştirakı ilə universitetlərarası əməkdaşlığa dair anlaşma sənədi imzalanıb.

Sonra ADNSU, Strasburq Universiteti və Ren1 Universiteti arasında UFAZ-ın təhsil proqramlarının həyata keçirilməsinə dair üçtərəfli tərəfdaşlıq haqqında niyyət məktubu imzalanıb. Sənədi ADNSU-nun rektoru Mustafa Babanlı, Strasburq Universitetinin prezidenti Mişel Deneken və Ren1 Universitetinin prezidenti David Alis imzalayıblar.

Daha sonra təhsil naziri Mikayıl Cabbarov, Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guen media üçün brifinq keçiriblər.

Jan-Mari Le Guen bildirib ki, 2016-2017-ci tədris ilində fəaliyyətə başlayan UFAZ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə yaradılıb. Qısa müddətdə uğurla həyata keçirilən yeni layihənin həm pedaqoji, həm də innovativ xarakter daşıdığını bildirən qonaq burada təhsil alanların yüksək səviyyədə olduqlarını diqqətə çatdırıb. Azərbaycan və Fransa arasında təhsil sahəsində tarixi əlaqələrindən söz açan Jan-Mari Le Guen UFAZ-ın fəaliyyətinə uğurlar arzulayıb.

Azərbaycan ilə Fransa arasında təhsil sahəsində birgə layihələrin həyata keçirilməsini yüksək dəyərləndirən nazir M.Cabbarov UFAZ-ın Azərbaycanın ali təhsil sistemində ilk birgə ali təhsil müəssisəsi olduğunu bildirib.

Nazir qeyd edib ki, ADNSU ilə Fransanın Strasburq Universiteti arasında imzalanan beynəlxalq tərəfdaşlıq anlaşması əsasında fəaliyyət göstərən UFAZ-da hazırda 141 tələbə təhsil alır. Tələbələrin kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə təhsil aldıqlarını deyən nazir yeni tədris ilində UFAZ–da fransız dili və ədəbiyyatı ixtisaslarının tədris olunmasını təklif edib. M.Cabbarov Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə tam dəstək göstəriləcəyini bildirib.

Jan-Mari Le Guen bu təklifi yüksək dəyərləndirib və bu layihənin yaxın gələcəkdə həyata keçiriləcəyini bildirib.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.