DÜNYA
Fransa paytaxtının turizm sektoruna 750 milyon avro zərər dəyib
Bakı, 23 avqust, AZƏRTAC
Terror aktları, daşqınlar və tətillər səbəbindən Fransanın paytaxt İl-de-Frans regionunun turizm sektoruna dəyən zərər ilin birinci yarısında təxminən 750 milyon avroya çatıb.
AZƏRTAC Xarici KİV-lərə istinadla xəbər verir ki, 2015-ci ilin ilk yarısı ilə müqayisədə regionda turistlərin sayında 6,4 faiz azalma müşahidə olunub.
Regional Turizm Komitəsinin prezidenti Frederik Valletunun sözlərinə görə, İl-de-Frans regionunun turizm sahəsində 500 min nəfər işləyir. Sektorda iş yerlərinin qorunması üçün irimiqyaslı investisiyalara ehtiyac var. Valletu Fransanın xarici işlər naziri Jan-Marku Eyrodan regionun turizm sahəsinin rəsmi nümayəndələri ilə görüş keçirməsini xahiş edib.
Xatırladaq ki, keçən ilin noyabrında bir-biri ilə əlaqəli üç silahlı qrup Parisdə və yaxınlıqda yerləşən Sen-Deni şəhərində silsilə terror aktları törətmişdi. Hadisə nəticəsində 130 nəfər həlak olmuş, 350 nəfərdən çox insan isə yaralanmışdı. 2016-cı ilin iyulunda isə yük maşını sürücüsünün avtomobilini Nitsa şəhərində “Bastiliyanın alınması günü” münasibətilə atəşfəşanlığa tamaşa edən kütlənin üzərinə sürməsi 85 nəfərin ölümü ilə nəticələnmişdi.
Bu dəhşətli terror aktları ilə yanaşı, əmək qanunvericiliyində mübahisəli islahatlara qarşı kütləvi tətillər və iyun ayında baş verən daşqınlar da turizm sektoruna nəzərəçarpacaq dərəcədə mənfi təsir göstərib.