REGİONLAR
Fransa səfirliyinin əməkdaşları İmişlidə yaşayan fransız əsilli İvonna Botto ilə görüşüblər
İmişli, 26 noyabr, Mahir Babayev, AZƏRTAC
Fransanın ölkəmizdəki səfirliyinin konsulu Antuan Simönel və mədəniyyət attaşesi Moris Rüfən İmişliyə gələrək, rayonun Murğuzallı kənd sakini, Böyük Vətən müharibəsi illərində Fransa Müqavimət Hərəkatının iştirakçısı olmuş Şirməmməd Şirməmmədovun həyat yoldaşı İvonna Bottoya baş çəkiblər. Azərbaycanlı partizanla ailə həyatı qurmuş fransız qadın 1947-ci ildən bu kənddə yaşayır.
AZƏRTAC xəbər verir ki, qonaqlar rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev ilə birlikdə Murğuzallı kəndində 86 yaşlı İvonna Botto və ailə üzvləri ilə görüşüb, onun gün-güzəranı və səhhəti ilə maraqlanıblar.
Söhbət zamanı bildirilib ki, İvonna Bottoya və onun ailə üzvlərinə Azərbaycan dövlətinin vəsaiti hesabına biri üç, digəri isə dördotaqlı olmaqla, iki ev tikilib. Rayon rəhbərliyi onların qayğıları ilə daim maraqlanır, bu ailəyə lazımi kömək göstərir.