ELM VƏ TƏHSİL
Fransa universitetləri ilə Azərbaycan Dillər Universiteti arasında əlaqələr genişlənir
Bakı, 2 aprel, Tərgül Ağayeva, AZƏRTAC
Aprelin 2-də Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) olub.
AZƏRTAC xəbər verir ki, görüşdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Azərbaycan ilə Fransa arasındakı əlaqələrin inkişafında rəhbərlik etdiyi ali məktəbin rolundan danışıb. Rektor bildirib ki, ADU-nun Fransa universitetləri ilə əlaqələri 1998-ci ildən başlayıb. Fransanın aparıcı universitetlərinin məzunları bu gün ADU-da çalışır, Fransız dili mütəxəssisləri hazırlanmasında iştirak edirlər. S.Seyidov səfərin iki ölkənin ali təhsil müəssisələri arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
A.Beretz səmimi görüşə görə təşəkkür edib, iki ölkə universitetləri arasında əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb. Strasburq Universitetinin prezidenti qeyd edib ki, səfərin əsas məqsədlərindən biri də fransız dilinin tədrisinin daha da genişləndirilməsidir. A.Bertz Fransa universitetləri ilə əlaqələrin inkişafındakı dəstəyə görə ADU-nun rektoruna minnətdarlığını bildirib.
Sonda suallar cavablandırılıb.