DÜNYA
Fransada Birinci Dünya müharibəsi qurbanlarının xatirəsi yad edilir
Paris, 11 noyabr, AZƏRTAC
Bu gün Fransada həm 1918-ci il noyabrın 11-də imzalanmış, Birinci Dünya müharibəsinə son qoymuş “Barışıq” sazişinin, həm də Fransa naminə həyatlarını qurban vermiş insanların xatirəsinin anım günü kimi qeyd edilir.
Anım günü münasibətilə “Zəfər Tağı” qarşısında təşkil olunmuş tədbirdə Prezident Fransua Olland və digər dövlət nümayəndələri iştirak ediblər. Naməlum əsgərin məzarı önünə əklil qoyulub.
Qeyd edək ki, 1918-ci il noyabrın 11-də Fransanın Retond kommunasında imzalanmış barışıq sazişi ilə Birinci Dünya müharibəsinə son qoyulub.
1922-ci il 24 oktyabr tarixli qanun aktına əsasən, Fransada hər il 1920-ci il noyabrın 11-də “Zəfər Tağı” qarşısında dəfn edilmiş naməlum əsgərin məzarını ziyarət etməklə Birinci Dünya müharibəsində həlak olan fransızların xatirəsi yad edilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris