DÜNYA
Fransada aramsız yağışlar ölkənin cənubunu iflic vəziyyətinə salıb
Paris, 30 sentyabr (AZƏRTAC). Fransada bir neçə gün ara vermədən yağan yağışlar ölkənin cənubunu iflic vəziyyətinə salıb. Yağışın əmələ gətirdiyi güclü daşqınlar Monpelye regionunda, o cümlədən Herol, Od, Pirene-Oriantal, Lozer, Ardeş və Gar departamentlərində ciddi problemlər yaradıb. Şəhərlərarası, xüsusilə Nim-Monpelye istiqamətində qatarların hərəkət cədvəli tamamilə pozulub. Bir çox yerlərdə qatarların hərəkəti dayandırıldığından yüzlərlə sərnişin dəmiryolu vağzallarında gecələməli olub. Nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulub.
Herol departamentində daha acınacaqlı vəziyyət yaranıb. Güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsi qalxaraq ətrafdakı evləri basıb. 1200 nəfər bir gecəni çadırlarda keçirməli olub.
Monpelye regionunun prefekti daşqınlar zamanı 6 nəfərin həlak olduğunu, dörd sakinin isə itkin düşdüyünü bildirib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq