MƏDƏNİYYƏT
Fransada azərbaycanlı pianoçunun adına müsabiqə
Bakı, 3 fevral, AZƏRTAC
Mayın 15-dən 18-dək Fransada və İsveçrədə həmvətənimiz Adilə Əliyevanın adını daşıyan Pianoçuların 11-ci Beynəlxalq Müsabiqəsi keçiriləcək.
AZƏRTAC müsabiqənin saytına istinadla xəbər verir ki, müsabiqənin fəxri prezidenti görkəmli bəstəkar və dirijor, Fransa İnstitutunun rektoru Loran Petijirar, münsiflər heyətinin sədri Fransada yaşayan həmvətənimiz Adilə Əliyevadır. Tədbir Fransanın Anmas şəhərinin meri, “Agglo of Annemasse” qurumunun prezidenti Kristian Dupesseyin himayəsi ilə təşkil ediləcək.
Müsabiqənin final konserti mayın 18-də Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisində olacaq. Müsabiqənin qalibi üçün 15 min avro məbləğində pul mükafatı nəzərdə tutulur.
Azərbaycanın Əməkdar Artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyevanın adına iki ildən bir pianoçuların müsabiqəsi keçirilir. Adilə Əliyeva Bakıda anadan olub. Sonralar Moskvaya köçən Adilə Əliyeva P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. O, 50-dən çox ölkədə konsert proqramları ilə çıxış edib, 30-dan çox kompakt-diskin müəllifidir.
Adilə Əliyevanın adını daşıyan Pianoçuların 11-ci Beynəlxalq Müsabiqəsi haqqında ətraflı məlumatı aşağıda qeyd edilən linkdən öyrənmək mümkündür: http://sbam.yolasite.com/11th-adilia-alieva-international-piano-competition.php