SİYASƏT
Fransada ermənilərin növbəti saxtakarlığının qarşısı alınıb
Paris, 21 may, AZƏRTAC
Ermənistanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Parisdə “Dağlıq Qarabağ: tarix və perspektivlər” adlı konfrans təşkil edilib.
Konfransda erməni mənşəli fransalı tarixçi, Ermənistan Elmlər Akademiyasının üzvü Klod Mutafyan Qafqaz regionunun, xüsusilə də Azərbaycanın tarixini saxtalaşdıraraq cəfəngiyatla dolu çıxış edib. Çıxışı zamanı o, saxta xəritə və arxiv materialları nümayiş etdirməkdən də çəkinməyib.
K.Mutafyanın yalan və iftiralarla dolu təqdimatından dərhal sonra tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşı Nigar Hüseynova “alim”in saxta iddialarını ifşa edib. O, erməni tarixçinin öz təqdimatında nümayiş etdirdiyi xəritə və arxiv materiallarının mənbələrinin göstərilmədiyini və onların saxta olduğunu diqqətə çatdırıb. Nigar Hüseynova Dağlıq Qarabağ bölgəsinin tarix boyu Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayıb və münaqişənin səbəbi və mahiyyəti barədə faktlar əsasında məlumat verib.
Diplomat aprelin 2-də Fransada nəşr edilən “Azərbaycan-Cənubi Qafqazın lider dövləti” adlı kitabın elə bu konfransın keçirildiyi Parisin 5-ci meriyasında təqdimat mərasimi zamanı erməni “alim”in təxribat xarakterli sualını xatırladıb. O, K.Mutafyanın eyni mövzu üzrə fərqli şərhlər verməsinin də onun tarixi faktları saxtalaşdırmasından xəbər verdiyini vurğulayıb.
Nigar Hüseynovanın çıxışı zamanı K.Mutafyan, erməni icmasının zalda olan digər nümayəndələri Azərbaycan səfirliyinin əməkdaşına mane olmağa çalışıb, onun ünvanına təhqiramiz ifadələr səsləndiriblər. K.Mutafyan isə müzakirələrin davam etdirilməsindən yayınaraq zalı tərk etməyi üstün tutub.
Beləliklə, konfransın davam etdirilməsi mümkün olmayıb və ölkəmizə qarşı qərəzli mövqelərini hər zaman nümayiş etdirən ermənilərin növbəti saxtakarlığının qarşısı Azərbaycan səfirliyinin təşəbbüsü ilə alınıb.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris