DÜNYA
Fransada həmrəylik vergisi tutulur
Bakı, 10 sentyabr, AZƏRTAC
Fransada zənginlər üçün həmrəylik vergisinin (ISF) ödənilməsi vaxtı artıq yaxınlaşır. Sərvətinin dəyəri 1,3 milyon avrodan 2,57 milyon avroyadək olan bütün şəxslər sentyabrın 15-dək bu vergini ödəməlidirlər. Aktivlərinin dəyəri 2,57 milyon avrodan artıq olanlar üçün isə bu müddət artıq iyun ayında başa çatıb.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, həmrəylik vergisinin məbləğinin müəyyənləşdirilməsi üçün vergi ödəyicisinin özünün və ən yaxın qohumlarının bütün sərvəti: daşınmaz əmlakı (evləri, mənzilləri, tikinti altında olan torpaq sahələri), eləcə də yığım və əmanətləri, qoyduğu investisiyalar, biznesi, valyutası və s. nəzərə alınır. Bunlarla yanaşı, vergi ödəyicisinin avtomobilləri, gəmiləri, şəxsi təyyarələri, qiymətli əşyaları və hətta cıdır atları da sərvət hesab edilir.
Fransızlar yalnız o vaxt əmlak vergisindən azad olunurlar ki, özəl sahibkarlıq subyektində işləyirlər və bura onların əsas iş yeri hesab edilir.
Əgər ölkə vətəndaşının mirasının dəyəri 1,3 milyon avro ilə 2,5 milyon avro arasındadırsa, vergini öz gəlirləri ilə birlikdə bəyan edə bilər.
Aktivlərinin dəyəri 2,57 milyon avrodan artıq olan vergi ödəyiciləri əlavələrlə və xüsusi olaraq verginin ödənilməsi barədə təsdiqləyici sənədlə bir yerdə ISF 2725 formalı bəyannamə təqdim edirlər.