MƏDƏNİYYƏT
Fransada muğam konserti keçirilib
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycanın Fransadakı səfirliyi, Parisdəki “Azərbaycan Evi” və Azərbaycanın Dostları Assosiasiyası Nant şəhər meriyası ilə birgə şəhərin möhtəşəm konsert salonunda muğam konserti təşkil edib. Bu barədə səfirlikdən AZƏRTAC-a məlumat verilib.
Konsertdən əvvəl çıxış edən səfirliyin əməkdaşı Ayaz Qocayev Fransanın müxtəlif bölgələrində həyata keçirilən, Azərbaycanın zəngin mədəniyyətinin tanıdılmasına xidmət edən çoxsaylı layihələr, xüsusən də Heydər Əliyev Fondunun “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi barədə məlumat verib. O, bu cür tədbirlərin Fransada Azərbaycanın zəngin mədəniyyətinin tanıdılması baxımından əhəmiyyətli olduğunu qeyd edib, bu istiqamətdə tədbirlərin gələcəkdə də davam edəcəyini vurğulayıb.
A.Qocayev hazırda Azərbaycanda keçirilən ilk Avropa Oyunları haqqında da məlumat verib.
Parisdəki “Azərbaycan Evi”nin sədri, Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva hər iki təşkilat haqqında məlumat verərək əsas məqsədlərinin Azərbaycanın Fransada daha geniş tanıdılmasından ibarət olduğunu qeyd edib. O, indiyədək həyata keçirilən layihələrin müsbət nəticələr verdiyini vurğulayıb, Nant şəhərindəki muğam konsertinin də növbəti layihələr üçün yol açacağına ümid etdiyini bildirib.
Sonra tamaşaçılar Azərbaycanın əməkdar artistləri, kamança ustası Elşən Mansurov, tarzən Malik Mansurov və gənc xanəndə Kamilə Nəbiyevanın ifasında muğam musiqisini dinləyiblər. Konsertdə “Qarabağ şikəstəsi” də daxil olmaqla məşhur muğam parçaları səsləndirilib.
Konsertdən sonra tamaşaçılara Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixinə, mədəniyyətinə, turizm imkanlarına, incəsənətinə həsr olunan kitablar və broşürlər təqdim edilib, birinci Avropa Oyunlarına aid suvenirlər və geyim əşyaları paylanılıb.