DÜNYA


Fransada seçki günü asayişi 50 min polis və 7 min hərbçi qoruyacaq

Bakı, 17 iyun, AZƏRTAC

Fransa parlamentinin aşağı palatasına iyunun 18-də keçiriləcək seçkilərin ikinci turunda asayişi 50 min polis əməkdaşı və 7 min hərbçi qoruyacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, səsvermə 2015-ci ildə baş verən terror hücumlarından sonra elan olunan fövqəladə vəziyyət rejimi fonunda keçiriləcək. Parlament seçkilərinin ilk turunda olduğu kimi, 67 mindən çox seçki məntəqəsinin hər birinin qarşısında hüquq-mühafizə orqanlarının və özəl mühafizə firmalarının əməkdaşları növbə çəkəcəklər.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Avropada terror təhlükəsi səviyyəsi yüksək olaraq qalır.

Xatırladaq ki, Fransa parlamentinin aşağı palatası – Milli Məclisdə 577 deputat təmsil olunur. Seçkilər 2 turdan ibarət majoritar sistem üzrə 5 ildən bir keçirilir.

İyunun 11-də keçirilən ilk turun nəticələrinə əsasən, ədliyyə naziri Fransua Bayrunun Demokratik Hərəkat Partiyasından olan mərkəzçilər, həmçinin prezident Emmanuel Makronun onlarla alyans quran “İrəli” hərəkatının namizədləri ümumilikdə 32,32 faiz səs toplayıb. İkinci nəticəni sağ-mərkəzçi Respublikaçılar Partiyası və onların müttəfiqləri əldə edib: 21,56 faiz və ya 4,87 milyon səs. Marin Le Penin Milli Cəbhə Partiyası ümumilikdə 13,2 faiz seçicinin etimadını qazanıb. Onunla bir alyansa daxil olan “Ayağa qalx, Fransa” hərəkatı 1,17 faiz nəticə göstərib. Onların hər ikisinə bir yerdə 3,25 milyon seçici səs verib.

Jan-Lyuk Melanşonun “Fəth edilməyən Fransa” hərəkatının solçu-radikalları 11,02 faiz və ya 2,49 milyon, onunla əməkdaşlıq edən Fransa Kommunist Partiyası isə 2,72 faiz və ya 615 min səs alıb. Çoxluğunu itirən keçmiş hakim Sosialist Partiyası müttəfiqi sol-radikal və digər sol partiyalar və “yaşıllarla” birgə cəmi 13,81 faiz və ya 3,11 milyon səs toplaya bilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.