ELM VƏ TƏHSİL
Fransada təhsil almaq istəyən gənclər üçün 2015-ci ilin fevralında yeni müsabiqə başlayacaq
Bakı, 19 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığı ilə 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) təqaüd proqramları uğurla həyata keçirilir. Şirkət tərəfindən xarici universitetlərdə 250 azərbaycanlı gəncin təhsili maliyyələşdirilib, Azərbaycanın müxtəlif ali təhsil məktəblərinin 1681 tələbəsinə isə SOCAR təqaüdü verilib.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunu şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov SOCAR və “Total”ın birgə həyata keçirdiyi “Fransada təhsil” layihəsinin iştirakçıları ilə keçirilən görüşdə deyib.
Həmin tədbirdə təqaüd proqramı çərçivəsində Fransanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirmək istəyən gənclər üçün yaradılmış imkanlar haqqında məlumat verilib. Qeyd olunub ki, şirkətin fəaliyyət coğrafiyası genişləndikcə müasir biliklərə yiyələnmiş fransız dilli mühəndis kadrlara da ehtiyac artır. Gələcəkdə SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi regional və qlobal əhəmiyyətli layihələrdə belə kadrların bilik və bacarıqlarından istifadə olunacaq.
“Total” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Döni La-Marşal bildirib ki, təqaüd proqramı çərçivəsində Fransa universitetlərində neft-qaz sənayesi üçün geofizika mühəndisliyi, geologiya mühəndisliyi, neft-kimya və kimya mühəndisliyi, neft və qaz emalı mühəndisliyi, ekologiya mühəndisliyi və digər ehtiyac duyulan ixtisaslar üzrə yerli kadrların hazırlanması məqsədilə 2015-2016-cı tədris ili üçün yeni müsabiqə elan olunub. 2015-ci ilin fevralında başlayacaq müsabiqədə hazırda bakalavriatın 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Döni La-Marşal qeyd edib ki, təhsillərini davam etdirmək istəyən gənclər üçün isə “Total”ın hesabına fransız dili kursları təşkil edilir.
Görüşdə gənc mütəxəssis və tələbələrin sualları cavablandırılıb.