SİYASƏT
Fransadakı Azərbaycan icması etiraz bəyanatı yayıb
Paris, 21 may, AZƏRTAC
Fransadakı Azərbaycan icması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni yaradılan, heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma rejimin nümayəndəsi Bako Saakyan və onu müşayiət edən şəxslərin mayın 17-19-da Fransaya səfərini, eləcə də Drom departamentinin Villörbann və Sarsel şəhərləri ilə hazırda işğal altında olan Azərbaycanın mədəniyyət beşiyi Şuşa və Ağdərə şəhərləri arasında “dostluq və qardaşlıq xartiyası”nın imzalanmasını pisləyən bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Azərbaycanın qədim şəhərləri olan Şuşa və Ağdərə 20 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. İstər seperatçı rejimin “prezidenti”nin Fransaya səfərinin, istərsə də işğal altında olan Azərbaycanın iki şəhəri ilə “dostluq və qardaşlıq xartiyası”nın imzalanmasının heç bir beynəlxalq hüquqi əsası yoxdur. Bu, yalnız Azərbaycan ilə Fransa arasında inkişaf etməkdə olan dostluq əlaqələrinə xələl gətirə bilər.
Bəyanatda vurğulanır ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Buna görə də Azərbaycanın işğal altındakı Şuşa və Ağdarə şəhərləri ilə Fransanın Drom departamentinin Villörbann və Sarsel şəhərləri arasında “əməkdaşlıq və dostluq xartiyası”nın imzalanması beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyi, bir milyondan artıq azərbaycanlının doğma yurdlarından silah gücünə çıxarıldığı, əsir və girov götürülən günahsız soydaşlarımızın erməni düşərgələrində insanlığa yaraşmayan işgəncələrə məruz qaldığı və onların taleyindən heç bir xəbər olmadığı bəyanatda öz əksini tapıb.
Həmçinin Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində minlərlə evin və inzibati binanın, məktəblərin, tibb müəsisələrinin, mədəniyyət saraylarının, kitabxanaların, tarixi abidələrin, muzeylərin, kənd təsərrüfatı və sənaye obyektlərinin, su hövzələrinin vəhşicəsinə yerlə-yeksan edildiyi qeyd olunub.
Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürüdən ermənilərin 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan şəhəri Xocalıda törətdikləri vəhşiliklər, qəddarlıqla həyata keçirilən soyqırımı zamanı hətta dinc sakinlərə belə aman verilmədiyi, qadınların və uşaqların amansızlıqla qətlə yetirildiyi diqqətə çatdırılıb.
Daha sonra bəyanatda qeyd olunur ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini heç bir şərt qoymadan geri qaytarması barədə Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə baxmayaraq, bu təcavüzkar ölkə öz işğalçılıq siyasətini indi də davam etdirir, zəbt etdiyi ərazilərdə qeyri-qanuni olaraq əhali yerləşdirir.
Bəyanatın sonunda deyilir: “Biz ümid edirik ki, beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa münaqişənin ədalətli və düzgün həllinin axtarışında, Azərbaycan ərazisinin bütövlüyünün təmin edilməsində öz səylərini əsirgəməyəcək”.
Bəyanat Drom departamentinin rəhbərlərinə, senator və deputatlarına və digər rəsmi təşkilatlara göndərilib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris