REGİONLAR
Fransalı və almaniyalı jurnalistlər cəbhə bölgəsində
Tərtər, 4 iyul, AZƏRTAC
Fransa və Almaniyadan olan jurnalistlər Tərtər rayonuna səfər ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyətində olan Le Nouvel Observateur, Huffington French və Deutsche Welle kimi media orqanlarının nümayəndələrinə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına maneçilik törədir. İşğal altındakı Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə qəsdən kəsilir ki, nəticədə əkin sahələrinin suvarılmasında çətinliklər yaranır. Qış fəslində isə suyu açaraq əkin sahələrini və yaşayış məntəqələrinin su altında qoyurlar. Bundan başqa, düşmən təmas xəttinə yaxın ərazilərdə törətdiyi yanğınlar ərazidəki flora və faunanın məhvinə səbəb olur.
Xarici jurnalistlərə, həmçinin aprel ayı ərzində erməni silahlı qüvvələrinin rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə tutması barədə məlumat çatdırılıb. Qeyd edilib ki, ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə hətta qadağan olunmuş ağ fosforlu bombalar atıblar. Mərmilər yüzlərlə evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan vurub, 32 ev tamamilə dağılıb. Eyni zamanda, 9 mülki şəxs yaralanıb, 3 nəfər həlak olub. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib.
Sonra media nümayəndələri Tərtər şəhərində və Qapanlı kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərə baş çəkib, sakinlərlə söhbət edib, dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub, ərazidə yerləşən hərbi hissədə əsgərlərlə görüşüblər.