ELM VƏ TƏHSİL
Fransanın Azərbaycandakı səfiri tələbələrlə görüşüb
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Bakı Slavyan Universitetində olub.
BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fransız dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşən səfir Fransa ilə Azərbaycanın mədəni, iqtisadi və elm sahəsində əlaqələrindən söhbət açıb. BSU-da ilk dəfə olduğunu deyən diplomat bu ali təhsil müəssisəsində fransız dilinin tətbiqi və inkişafına göstərilən diqqətə görə məmnunluq hissi duyduğunu bildirib. O, azərbaycanlı tələbələrin Fransa universitetlərinə qəbuluna üstünlük veriləcəyinə və ali təhsil sahəsində əlaqələrin səviyyəsinin daha da yüksələcəyinə əminliyini vurğulayıb.
Tədbir çərçivəsində ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, müəllim və tələbələrin sualları cavablandırılıb.