İQTİSADİYYAT
Fransanın “Bureau Veritas” şirkəti SOCAR-ın idarəsində audit keçirib
Bakı, 25 may, AZƏRTAC
Fransanın “Bureau Veritas” şirkəti SOCAR-ın idarəsində audit keçirib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, şirkətin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) sifarişlər əsasında neft sənayesi və digər sənaye sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanması, standartların tətbiqi, sertifikatlaşdırma və ixtisasartırma, ikinci peşəyə hazırlama, maarifləndirmə və digər istiqamətlər üzrə işini yüksək effektivliklə qurub.
Təlim kurslarının Beynəlxalq Standartlaşdırma Təşkilatının “İSO 29990: 2010 - Qeyri-formal təhsil və təlimlər üzrə öyrənmə xidmətləri - xidmət göstərənlərə dair ilkin tələblər” standartının tələblərinə uyğun şəkildə akkreditasiya edilməsi məqsədilə Fransanın tanınmış inspeksiya-sertifikatlaşdırma qurumu olan “Bureau Veritas” şirkətinə müraciət edilib.
Qurumun audit qrupu tərəfindən aparılan yoxlamalar zamanı TTSİ-nin təlim istiqamətində fəaliyyətinə dair sənədlərdə və tədris prosesində ciddi uyğunsuzluqlar aşkar edilməyib, icrası nəzərdə tutulan bir sıra tövsiyələr verilib və auditin yekunları müsbət qiymətləndirilib.
Həmin standartın tələblərinə əsasən, idarənin təlim istiqamətində fəaliyyətinə dair sənədlərin və tədris prosesinin mövcud standarta uyğunluğunun yoxlanılması ildə bir dəfədən az olmayaraq, “Bureau Veritas” şirkətinin audit qrupu tərəfindən monitorinq ediləcək.