MƏDƏNİYYƏT


Fransanın Konyak şəhərinin min illik yubileyində “Sarı gəlin” xalq mahnısı ifa edilib

A+ A

Konyak, 5 sentyabr, AZƏRTAC

Fransanın Konyak şəhərinin min illik yubileyi münasibətilə təşkil olunan təntənəli tədbirdə Azərbaycanı Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun başçılığı ilə nümayəndə heyəti təmsil edib.

Rəsmi bayram mərasimində əvvəlcə “Choeur pour Boala” ansamblı “Sarı gəlin” xalq mahnısını ifa edib.

Mərasimdə çıxış edən T. Zeynalov Konyak şəhərinin rəhbərliyinə yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, yubiley münasibətilə tovuzlular adından şəhər sakinlərini təbrik edib.

Tovuz və Konyak şəhərləri arasındakı sıx əməkdaşlıqdan danışan T.Zeynalov bildirib ki, ölkəmizi Fransada tanıtmaq istiqamətində mühüm işlər görən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fransanın bir çox şəhərlərində həyata keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Konyak şəhərində də Azərbaycan mədəniyyət günləri, sərgi və konsert təşkil edilib. İki şəhər arasında uğurlu əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi, Tovuz və Konyak şəhərindən olan iş adamlarının qarşılıqlı səfərlərinin önəmi xüsusi vurğulanıb.

Həmçinin Azərbaycanın Cənubi Qafqazın ən yüksək inkişaf etmiş ölkəsi olduğu, onun tolerantlıq, mədəniyyətlər və dinlər arası dialoq üzrə dünyada ən uğurlu nümunəyə çevrildiyi qeyd edilib. Diqqətə çatdırılıb ki, qədim “İpək yolu”nun üzərində yerləşən Tovuz və qonşu Gəncə şəhərlərində mədəniyyət, ədəbiyyat, musiqi və digər sahələr üzrə tanınmış şəxsiyyətlər, xüsusilə də məşhur “Leyli və Məcnun” poemasının müəllifi, Azərbaycanın mütəfəkkiri və şairi Nizami Gəncəvi hələ XII əsrdə əsərdə kişi və qadın hüquqlarının bərabərliyini dəstəkləyib. Bundan başqa, 2013-cü ildə anadan olmasının 900 illik yubileyi UNESCO tərəfindən qeyd olunmuş Məhsəti Gəncəvinin yaradıcılığı haqqında da iştirakçılara ətraflı məlumat verilib.

Sonda T.Zeynalov bayram tədbirinin iştirakçılarını Azərbaycana dəvət edib. Rayon icra hakimiyyətinin başçısı Konyak şəhərinin min illik yubileyinə həsr olunan xalçanı şəhər meriyasına hədiyyə edib.

Yubiley tədbirləri çərçivəsində Tovuz da daxil olmaqla Konyakla qardaşlaşmış 9 şəhərin pavilyonları təşkil olunub. Tovuz rayonunun pavilyonunda milli şirniyyatlarımız, habelə Heydər Əliyev Fondunun Azərbaycana dair nəşrləri və “Tovuz–Baltiya” şirkətinin nar və üzümdən hazırlanmış içkiləri təqdim olunub.

Konyak şəhərinin meri Mişel Qurenşa, şəhərin digər rəsmiləri, eləcə də Konyakla qardaşlaşmış 9 şəhərin meri və rəsmi nümayəndələr Tovuz rayonunun pavilyonuna böyük maraq göstəriblər.

Yerli sakinlər də Azərbaycanın tarixi, mədəniyyəti, milli mətbəxinə dair suallar verib, ölkəmizə turist kimi səfər etməkdə maraqlı olduqlarını bildiriblər. Dünyada öz içkilərinə görə məşhur olan Konyak şəhərinin sakinləri, eləcə də bayrama dəvət edilmiş xarici qonaqlar “Tovuz-Baltiya” şirkətinin istehsalı olan, nardan və üzümdən hazırlanmış içkilərə, onların hazırlanma texnologiyalarına xüsusi maraq göstəriblər. Şirkətin məhsullarından dadan konyaklılar heyranlıqlarını gizlətməyiblər.

Tovuz rayonunun pavilyonunu ziyarət edənlər tarzən Rövşən Qurbanovun və kamançaçı Ceyhun Muradovun müşayiəti ilə Nigar Şabanovanın ifasında Azərbaycan muğamlarını dinləyiblər. Azərbaycan şirniyyatlarına və samovar çayına qonaq edilən ziyarətçilər təəssüratlarını bölüşüb, heyranlıqlarını bildiriblər.

Yubiley tədbirlərində Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, səfirliyin iqtisadi və əməkdaşlıq üzrə müşaviri Elmar Məmmədov, Tovuz şəhərinin icra nümayəndəsi Yaşar İbrahimov, bələdiyyə üzvü Kəmalə Abdullayeva da iştirak ediblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Konyak

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.