İQTİSADİYYAT
Fransanın “L’Opinion” qəzeti: Ələt Azad Ticarət Zonasına xarici investorlar tərəfindən maraq böyükdür
Paris, 14 mart, AZƏRTAC
Fransanın məşhur “L’Opinion” qəzetində müxbir Klod Leblanın “Azərbaycan özünü İpək Yolunun “5 ulduzlu qovşağı kimi görür” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə bildirilir ki, Asiya ilə Avropanın kəsişməsində yerləşən Bakı şəhəri Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə ticarətin inkişafında aparıcı rola malik olmaq niyyətindədir. Qeyd edilir ki, Ələt qəsəbəsində inşa edilən yeni dəniz limanı Azərbaycan hökumətinin bu istiqamətdə atdığı ilk addımdır.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun fikirlərinə istinad edən müəllif yazır ki, Bakının Ələt qəsəbəsində yaradılacaq Azad Ticarət Zonasına xarici investorlar tərəfindən maraq böyükdür və bu təşəbbüsün uğurla həyata keçirilməsi ölkənin neftdən asılılığını azaltmağa imkan verəcək.
Azərbaycan hökumətinin regional dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsi üçün fəal iş apardığını vurğulayan K.Leblan Bakı-Tbilisi-Qars və Astara-Rəşt (İran) dəmir yolu layihələri haqqında da məlumat verir. Bildirilir ki, Bakı-Tbilisi-Qars layihəsi yaxın vaxtlarda başa çatacaq. Azərbaycan hökumətinin maliyyələşdirilməsinə 500 milyon dollar vəsait ayırdığı Astara-Rəşt dəmiryolu xətti isə Şimal-Cənub dəhlizinin bir hissəsini təşkil edir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris