DÜNYA
Fransanın Sosialist Partiyası Eduar Flip hökumətini dəstəkləməyəcək
Bakı, 25 iyun, AZƏRTAC
Fransanın Sosialist Partiyası Milli Məclisə (parlamentin aşağı palatası) keçirilən seçkilərin nəticələri üzrə iyunun 21-də elan olunmuş yeni hökumətə etimad haqqında məsələdə səs vermək niyyətində deyil.
AZƏRTAC TAS informasiya agentliyinə istinadla xəbər verir ki, sosialistlər Eduar Flip hökumətinə əsl müxalifətdə olduqlarını bəyan ediblər. “Biz bu Nazirlər Kabinetinə etimad göstərilməsinin lehinə səs verməyəcəyik” – partiyanın şənbə günü yayılmış bəyanatında belə deyilir.
Parlamentdə səsvermə iyulun 4-nə nəzərdə tutulur. Ənənəyə görə, Baş nazir bu zaman öz siyasi kursunun əsas tezislərini əks etdirən proqram xarakterli nitq söyləyəcək.
Xatırladaq ki, son beş ildə ölkəni idarə etmiş Sosialist Partiyası Fransada parlament seçkilərinin iyunun 21-də keçirilmiş ikinci turunda böyük itkilərə məruz qalıb. Onun təmsilçiliyi 295 deputatdan 46 deputatadək azalıb. Fransız politoloqları sosialistlərin bu məğlubiyyətini tarixi hadisə adlandırırlar. Əvəzində parlament seçkilərində “Demokratik hərəkat”dan olan mərkəzçilərlə vahid blokda çıxış edən prezident yönümlü “Respublika, irəli” hərəkatı inamlı qələbə qazanıb. Onlar 577 yerdən 350-ni əldə edərək mütləq parlament çoxluğuna yiyələniblər.