ELM VƏ TƏHSİL
Fransanın ali təhsil müəssisələrinin nümayəndələri Bakı Dövlət Universitetində
Bakı, 1 aprel, Tərgül Ağayeva, AZƏRTAC
Aprelin 1-də Bakı Dövlət Universitetində (BDU) Fransanın Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Əvvəlcə qonaqlar universitetin elmi-tədqiqat və tədris laboratoriyaları ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan ilə Fransa arasındakı münasibətlərdən danışıb. Rektor bu səfərin iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin inkişafına, tələbə və müəllim mübadiləsinə, birgə proqramların həyata keçirilməsi imkanlarının genişlənməsinə kömək edəcəyinə əminliyini bildirib. Həmçinin Erasmus-Mundus proqramının Nizami layihəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüşdə qonaqlara nanotexnologiya, bioekologiya, kimya, biotexnologiya, filologiya və digər elmi istiqamətlər barədə məlumat verilib.
A.Beretz səmimi görüşə görə təşəkkürünü bildirib, universitetlər arasındakı əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafından danışıb, səfirliyin bu əməkdaşlığın genişləndirilməsinə hərtərəfli kömək edəcəyini diqqətə çatdırıb.
Sonra Fransanın Ruen Universiteti ilə BDU arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi Ruen Universitetinin rektoru Cafer Özkul və akademik Abel Məhərrəmov imzalayıblar.
Müqavilədə iki ali məktəb arasında tədqiqatçı və doktorantların mübadiləsi, müəllimlərin elmi sahədə ixtisaslarının artırılmasına kömək göstərilməsi, ikili diplomların verilməsi və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.
Sonda suallar cavablandırılıb.