SİYASƏT
Fransanın xarici işlər naziri Loran Fabius: Ərazi bütövlüyü dünya nizamının təməlidir VİDEO
Vaşinqton, 14 may (AZƏRTAC). Mayın 13-də Vaşinqtondakı Brukinq İnstitutunda Fransanın xarici işlər naziri Loran Fabiusun iştirakı ilə “Fransa geosiyasi dəyişikliklər dövründə” mövzusunda forum keçirilmişdir.
Brukinq İnstitutunun prezidenti Stroub Talbottun giriş nitqindən sonra Fransa XİN-in başçısı çıxış etmişdir. L.Fabius Brukinq İnstitutu nəzdində Dünya nizamı layihəsinin elmi əməkdaşı Ceremi Şapironun moderatorluğu ilə keçirilən forumda auditoriyaya qlobal siyasi məkandakı dəyişikliklərdən və Fransanın beynəlxalq münasibətlərdə rolunun artmasından söz açmışdır. O, regional münaqişə və böhranlar barədə forum iştirakçılarına qısa məlumat verərək bildirmişdir ki, Fransanın xarici siyasəti planetimizdə sülhün və təhlükəsizliyin yaradılması və Avropa dəyərlərinin qorunub saxlanılması prinsipinə söykənir. Dövlətlərin suverenliyinin qorunub saxlanılmasından danışan L.Fabius vurğulamışdır ki, ərazi bütövlüyü prinsipi dünya nizamının təməlidir (comerstone of world order). Fransa administrasiyasının dövlətlərin ərazi bütövlüyünün qorunub saxlanılmasına tərəfdar olması faktını vurğulayan xarici işlər naziri Mali və Mərkəzi Afrika Respublikasındakı münaqişələri nümunə gətirmişdir. Fransa həmin münaqişələrin BMT-nin mandatlarına müvafiq olaraq həll edilməsi prosesində ön mövqelərdə dayanmışdır. O demişdir ki, Ukrayna böhranı sülhün və təhlükəsizliyin qorunub saxlanılması zərurətini üzə çıxarmışdır. Diplomat Suriyada vətəndaş müharibəsindən və Avropanın 13 ölkəsinin Rusiya qazından asılı olmasından da söz açmışdır.
Xatırladaq ki, dünyanın digər ölkələri kimi, Fransa da torpaqlarının 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu həftənin əvvəlində Bakıda səfərdə olan Fransa Prezidenti Fransua Olland Cənubi Qafqazdakı münaqişələrə dair Fransanın mövqeyini bir daha vurğulayaraq demişdir ki, onun ölkəsi “dövlətlərin ərazi bütövlüyünü və münaqişələrin onların ərazi bütövlüyü çərçivəsində həll olunmasını” dəstəkləyir (territorial integrity of countries and the resolution of conflicts within their territorial integrity). L.Fabiusun dövlətlərin ərazi bütövlüyünün “dünya nizamının təməli” kimi qorunub saxlanılması barədə bəyanatı rəsmi Parisin regional münaqişələrə dair mövqeyini təsdiq edir. Fransa həm də 1993-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874 və 884 nömrəli qətnamələrin qəbul edilməsinə səs vermiş BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Həmin qətnamələr isə Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmasını, azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılmasını tələb edir.
Yusif Babanlı
AzərtAc-ın xüsusi müxbiri
Vaşinqton