CƏMİYYƏT


Fransız-Azərbaycan Universitetinə (UFAZ) tələbə qəbulu elan edilir

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Fransız-Azərbaycan Universiteti (UFAZ) Fransa və Azərbaycan Respublikaları Prezidentlərinin təşəbbüsü ilə irəli sürülmüş layihədir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, 2016-cı ildən başlayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Fransanın Strasburq Universiteti tərəfindən birgə aparılacaq tədris aşağıdakı dörd ixtisas üzrə həyata keçiriləcək, geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompyuter elmləri, neft-qaz mühəndisliyi.

Tədris Fransa proqramları əsasında aparılacaq və UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) alacaqlar.

Bütün ixtisaslar üzrə tədris 4 il (1 il hazırlıq + 3 il əsas tədris) ərzində ingilis dilində ADNSU-da aparılacaq. İxtisaslar üzrə UFAZ-ın ən yaxşı tədris göstəricilərinə malik tələbələri II və ya III kursda bir semestr müddətinə Fransa universitetlərinə mübadilə oluna bilərlər. Onlar üçün Fransada yay məktəblərinin təşkili də nəzərdə tutulur.

2016/2017-ci tədris ili üçün UFAZ-da hər bir ixtisas üzrə 30 dövlət sifarişli və 10 ödənişli əsaslarla, cəmi 160 tələbənin təhsil alması nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəblərə birinci qrup üzrə keçirilən qəbul imtahanında 500 və daha çox bal toplayan hər bir abituriyent UFAZ-ın tələbəsi olmaq üçün ADNSU-da təşkil olunacaq imtahanda iştirak etməlidir.

Sənədlərin qeydiyyatı cari il iyulun 18–dən 23-dək online rejimdə (ufaz.edu.az saytında) və ya birbaşa təqdim etməklə saat 10.00-dan 17.00-dək ADNSU-da (İKT Mərkəzi, əsas tədris binası, Azadlıq pr., 34) aparılacaq.

Qeydiyyatdan keçmiş abituriyentlər iyulun 27-də saat 9.00-da ADNSU-nun əsas tədris binasında olmalıdırlar. Saat 10.00-da başlayacaq və iki saat davam edəcək imtahanda abituriyentlər tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən 10 test sualını cavablandırmalı və ingilis dilində hər biri beş sətirdən az olmayan iki esse yazmalıdırlar. Test sualına verilən hər bir düzgün cavab 2 balla, hər bir esse maksimum 10 balla qiymətləndiriləcək. Test bölməsində 2 yanlış cavab bir düz cavabı ləğv edir.

UFAZ müsabiqəsindən keçməyən abituriyentlər heç bir məhdudiyyət olmadan ADNSU və digər ali məktəblər üzrə DİM tərəfindən elan edilmiş müsabiqədə iştirak edə bilərlər.

UFAZ-a qəbulla bağlı əlavə məlumat əldə etmək istəyən abituriyentlər və onların valideynləri iyulun 19-da saat 11.00-da ADNSU-nun əsas tədris binasında (Bakı şəhəri, Azadlıq pr., 34) yerləşən akt zalında təşkil olunacaq açıq qapı günündə iştirak edə bilərlər.

Əlaqə vasitələri: telefon: +99412-493-81-97; Veb-səhifə: ufaz.edu.az; E-poçt: [email protected]; FB: facebook.com/ufaz.university/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.