CƏMİYYƏT


Fransız-Azərbaycan Universitetinə qəbul imtahanı keçirilib

A+ A

Bakı, 27 iyul, AZƏRTAC 

İyulun 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransız-Azərbaycan Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib.

Mərkəzləşdirilmiş müvafiq qəbul imtahanında birinci qrup üzrə 500 və daha çox bal toplayan abituriyentlərdən 303 nəfər UFAZ-a qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib.

AZƏRTAC xəbər verir ki, imtahan saat 10.00-da başlanıb və saat 12.00-da başa çatıb. İmtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb və ingilis dilində iki esse yazıblar.

İmtahan nəticələri iyulun 29-da elan olunacaq.

Fransanın tədris proqramları əsasında aparılacaq təhsil geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompyuter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə həyata keçiriləcək. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) alacaqlar.

Azərbaycan və Fransa Prezidentlərinin təşəbbüsü ilə yaradılan Fransız-Azərbaycan Universitetində 2016/2017-ci tədris ilində hər bir ixtisas üzrə 30-u dövlət sifarişli və 10-u ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.

İmtahandan sonra keçirilən tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov Prezident İlham Əliyevin təhsilə daim böyük önəm verdiyini vurğulayıb.

Fransız-Azərbaycan Universitetinə tələbə qəbulu ilə bağlı fikirlərini qeyd edən nazir müavini UFAZ-ın uğurla fəaliyyət göstərəcəyinə əminliyini bildirib.

Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez iki ölkənin təhsil əlaqələrindən və onun əhəmiyyətindən danışıb. Səfir UFAZ-ın təhsilə töhfə verəcəyinə inamını ifadə edib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı müasir dünyada təhsilin mühüm rolundan bəhs edib, Fransız-Azərbaycan Universitetində təhsil alacaq gənclərə uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.