ELM VƏ TƏHSİL
Fransız-Azərbaycan Universitetinə qəbul imtahanının nəticələri açıqlanıb
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinə (UFAZ) keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qaydada keçirdiyi qəbul imtahanlarında birinci qrup üzrə 500-dən çox bal toplayan və UFAZ-a qəbul olunmaq üçün müraciət etmiş 428 abituriyentdən 148-i bu ali məktəbin tələbəsi adını qazanmaq üçün müvafiq imtahanı müvəffəqiyyətlə verib. Onlardan 120-si ödənişsiz, 28-i isə ödənişli əsaslarla UFAZ-da təhsil almaq hüququ qazanıb.
UFAZ-a qəbul imtahanında iştirak etmiş, lakin müvəffəqiyyət qazanmamış abituriyentlər Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qəbul imtahanlarında topladıqları bala uyğun respublikanın ali məktəblərinə qəbul olunmaq üçün sənədlərini təqdim etmək hüququnu özlərində saxlayırlar.
Qəbul imtahanında müvəffəqiyyət qazanmış abituriyentlər Fransız-Azərbaycan Universitetində təhsil almaq istədiklərini təsdiqlədikdən sonra UFAZ-ın tələbəsi statusunu qazanacaqlar. Fransa-Azərbaycan Universitetinə qəbul imtahanında müvəffəqiyyət əldə etmiş tələbələrdən hər hansı biri əgər burada təhsil almaq istəyini təsdiqləməzsə, sıra ilə növbəti yaxşı nəticəni göstərmiş abituriyent UFAZ-ın tələbəsi olmaq imkanı əldə edir.
Xatırladaq ki, UFAZ-da 120 dövlət sifarişli və 40 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.
UFAZ-a qəbul imtahanının sualları Strasburq Universitetinin nümayəndələri tərəfindən hazırlanıb. Abituriyentlərin biliklərini də fransalı alim və pedaqoqlar qiymətləndiriblər.
UFAZ layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə reallaşdırılıb.
UFAZ-da dörd ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU, neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr Ren1 Universiteti və ADNSU) alacaqlar.
UFAZ-a ilk tələbə qəbulu 2016-2017-ci tədris ilində həyata keçirilib. Hazırda UFAZ-da 141 tələbə təhsil alır. Ötən illə müqayisədə bu il UFAZ-a qəbul olunmaq üçün müraciət edən abituriyentlərin sayı təqribən 40 faizdən çox artıb. Bundan əlavə UFAZ-ın tələbəsi olmaq imkanı qazanmış gənclərin sayı da ötənilki 141 nəfərlə müqayisədə artaraq 148 nəfər təşkil edib.