MƏDƏNİYYƏT
Fransız cazmen Pierre de Tregomain bakılı cazsevərlər üçün ustad dərsi keçib
Bakı, 24 oktyabr, Z.Mansurova, AZƏRTAC
Oktyabrın 24-də Bakıda Fransanın məşhur caz ifaçısı Pierre de Treqomain cazsevərlər üçün ustad dərsi keçib.
AZƏRTAC xəbər verir ki, fransız cazmenin ustad dərsi Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşdırılıb.
Cazsevərlərin sorğularını cavablandıran P.Treqomain öz vokal imkanlarını göstərməklə yanaşı, musiqi ilə emosiyalar arasındakı bağlılığı bir daha sübut edib. Bundan əlavə, ifaçı caz musiqisini pop, klassik musiqisi ilə sintez edərək, universal musiqi üslubunu nümayiş etdirib. O, pop, caz və klassik musiqini muğamla sintez etməyi də xoşladığını bildirib.
Paytaxt sakinləri, gənc caz həvəskarları qarşısında çıxış edən Pierre de Treqomain ölkəmizə və milli musiqimizə maraq göstərdiyini söyləyib. O, klassik musiqi deyəndə Baxı, caz və pop deyəndə əfsanəvi Maykl Ceksonu, muğam deyəndə isə Xalq Artisti Alim Qasımovu düşündüyünü bildirib. Fransız cazmen Azərbaycanın tanınmış muğam ifaçısı Alim Qasımovu dünya üzrə daha çox azad olan, ruhən sonsuzluğa vara bilən beş sənətkardan biri kimi dəyərləndirib. O, Azərbaycan caz sənətində mərhum caz ustası Vaqif Mustafazadənin, onun qızı və davamçısı Əzizə Mustafazadənin ifalarını bəyəndiyini söyləyib. Fransalı qonaq Azərbaycan muğam sənətində daha çox “Bayatı-Şiraz” və “Bayatı-kürd” muğamlarından zövq aldığını söyləyib.
Sonda gənclərin xahişi ilə bir parça muğam oxuyan qonaq fransız musiqisini də gənclərlə birgə ifa edib. Onun ifası bakılı gəcləri heyran qoyub.
Ölkəmizi ürəkdən sevdiyini, muğamlarımızı yüksək dəyərləndirdiyini vurğulayan musiqiçi sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.