SİYASƏT
Fransua Olland: Azərbaycan ilə Fransa arasında bir çox sahələrdə yaxşı əlaqələr var
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan ilə Fransa arasında bir çox sahələrdə, xüsusilə siyasi sahədə yaxşı əlaqələr var. Azərbaycanın regiondakı və regionun hüdudlarından kənardakı bütün tərəfdaşları ilə danışıqlar aparmaq sahəsindəki rolu bizə məlumdur. Bizim yeganə məqsədimiz sülhdür. Biz təkcə regionda deyil, eyni zamanda, qlobal səviyyədə təhdid olan və bizim də üzləşdiyimiz terrorizmə qarşı sülh axtarırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında söyləyib.
İqtisadi kontekstdə əlaqələrin inkişafından danışan Fransua Olland qeyd edib ki, Fransa şirkətləri artıq Azərbaycanda fəaliyyət göstərir. “Çalışırıq ki, bizim şirkətlər bu ölkədə sərmayə yatırsınlar, kontraktlar imzalayaraq əhalini lazımi təchizatla təmin etsinlər. Çox şadam ki, cənab Əliyevlə MEDEF şirkətləri arasında məhsuldar müzakirələr aparılıb. Bir çox kontraktların imzalanması barədə danışılıb, xüsusilə də “Thales lnternational” şirkəti ilə”, - deyə Fransa Prezidenti diqqətə çatdırıb.
Prezident İlham Əliyevlə ətraf mühit sahəsində əməkdaşlıq imkanlarını da müzakirə etdiklərini bildirən Fransua Olland deyib: “Paris Sazişinin həyata keçirilməsi üçün ekspertlərimizin mübadiləsini aparmalıyıq və bir neçə ekoloji problemləri həll etmək lazımdır - infrastruktur, bərpaolunan enerji və ətraf mühit üçün faydalı olan bütün vasitələrlə. Biz dövlət xidməti sahəsində də iki ölkə arasında möhkəm əlaqələrin olmasını istəyirik ki, bunun sayəsində bütün sahələrdə innovasiyaları tətbiq edək. Azərbaycan ilə Fransa arasında belə bir konsepsiya var ki, yeni texnologiyalar – rəqəmsal texnologiya iqtisadi inkişafa xidmət etsin”.