SİYASƏT


Füceyrə Əmirliyi Azərbaycan Hökuməti ilə əməkdaşlıq etməyə hazırdır

A+ A

Əbu-Dabi, 13 dekabr, АZƏRTAC

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov Füceyrə Əmirliyinin hakimi Şeyx Həməd bin Məhəmməd Əl Şərqi ilə görüşüb.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Füceyrə hakiminə çatdıraraq dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirlikləri ilə dostluq və qardaşlıq əlaqələrini daha da inkişaf etdirmək, qarşılıqlı əməkdaşlığı bütün sahələrdə, xüsusən də ticari-iqtisadi, turizm və investisiya sahələrində artırmaq arzusunda olduğunu qeyd edib.

Azərbaycan Prezidentinin BƏƏ vətəndaşlarına münasibətdə viza rejiminin sadələşdirilməsi barədə göstərişini xatırladan səfir bu mühüm addım nəticəsində dost ölkədən turist axınının 25-30 dəfə artdığını bildirib. O, “Azərbaycan Hava Yolları” QSC və “Fly Dubai” tərəfindən Dubay-Bakı-Dubay istiqamətləri üzrə birbaşa həftəlik uçuşların 4 dəfə artırılaraq 28 uçuşa çatdırıldığını bildirib. 2017-ci il martın 16-dan etibarən Şarca Əmirliyinə məxsus “Air Arabia” aviaşirkətinin Şarca-Bakı-Şarca reyslərinə başlayacağını diqqətə çatdırıb. Naxçıvan və Qəbələ haqqında ətraflı məlumat verən səfir Füceyrə Əmirliyindən həmin istiqamətlər üzrə reyslərin açılması məsələsini nəzərdən keçirməyi Şeyx Həməd bin Məhəmməd Əl Şərqidən xahiş edib.

Milli iqtisadiyyatımızın müstəqilliyin 25 ili ərzində keçdiyi inkişaf yolundan söhbət açan səfir ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Ümummilli lider Heydər Əliyevin demokratik dəyərlər və hərtərəfli islahatlar üzərində uzunmüddətli inkişaf modelini qurduğunu deyən diplomat Ulu Öndərin müəllifi olduğu neft-qaz strategiyası barədə məlumat verib.

Respublikamızın əsas etibarilə son 15 il ərzində dinamik inkişaf etdiyini qeyd edən D.Şikarov Azərbaycan Hökumətinin münbit investisiya mühiti yaratdığını, xarici kapitalın dövlət tərəfindən qorunduğunu vurğulayıb. O, fürsətdən istifadə edərək Füceyrənin işgüzar dairələrini ölkəmizdə kənd təsərrüfatı, turizm və digər sektorlara investisiya yatırmağa dəvət edib. Diplomat Füceyrədə Azərbaycan dövlət investisiyaları üçün yaradılmış şəraitə görə hakimə minnətdarlığını ifadə edib.

Füceyrə hakimi Azərbaycan Prezidenti İlham Əliyevin salamlarına və xoş arzularına görə təşəkkürünü bildirib, onun da salamlarını və səmimi arzularını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Şeyx Həməd bin Məhəmməd Əl Şərqi Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla sıx dostluq əlaqələrində olduğunu məmnunluqla qeyd edib. O, cari ilin fevral ayında Azərbaycan Prezidentinin BƏƏ-yə rəsmi səfərə gəldiyini və ölkə rəhbərliyi ilə olduqca faydalı görüşlər keçirdiyini xatırladıb, ikitərəfli əlaqələrin daha da inkişaf etməsini və genişlənməsini arzu edib. Hakim 2012-ci ildə Bakıda keçirilmiş 23-cü Krans Montana Forumunda oğlu, Əmirliyin vəliəhdi Şeyx Məhəmməd bin Həməd bin Məhəmməd Əl Şərqinin iştirak etdiyini xatırladıb. O, vəliəhdin Bakıdan son dərəcə yüksək təəssüratlarla qayıtdığını və Azərbaycanın paytaxtı ilə yanaşı, regionlarında da quruculuq, abadlıq işlərinin aparıldığını ondan öyrəndiyini diqqətə çatdırıb. Bütün bunların ölkəni çox uğurla idarə edən, habelə dahi şəxsiyyət tərəfindən təməli qoyulmuş müdrik siyasi xətti müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin sayəsində mümkün olduğunu vurğulayıb.

Füceyrə hakimi Azərbaycan Hökuməti ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq etməyə və bu işdə hər cür dəstək verməyə hazır olduğunu söyləyib.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı, münaqişənin siyasi yolla həlli ətrafında son durum barədə məlumat verilib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.